Mənim Yaponiyama xoş gəlmisiniz!

Sizi deyib gəlmişəm ay mənim Yaponiyadan bixəbər azərbaycanlılarım,

Bu bloq yapon dövlətinin, mədəniyyətinin, iqtisadiyyatının təbliği üçün yaradılmışdır. Sizlərə Yaponiya haqqında dolğun məlumat vermək üçün əlimdən gələni edəcəyəm, amma söz verin ki, gələcəkdə "Niyə yaponlara hörmət edirsən?" sualı ilə qarşılaşsanız, "Çünki sakura_az  deyib ki, belə məsləhətdir" cavabını verəcəksiniz :)

Ya siftə, getdik!

Ölülərin gülü

likoris-japan6

Yaponiyada populyar olan güllərdən biri də likoris-dir. Yaponca Higanbana, latınca Lycoris radiata. Ənənəvi olaraq onu qəbristanlıqlarda əkirdilər. Likoris düyü tarlalarının sərhədlərində də əkilirdi. Birincisi, onun soğanaqları torpağı möhkəmlədir və eroziyaya uğramasının qarşısını alır. İkincisi, gül zəhərli olduğundan əkinləri gəmiricilərdən qoruyur. Üçüncüsü isə, quraqlıq olsaydı və ya başqa səbəbdən məhsul olmasaydı, gülün soğanağını və gövdəsini çoxlu su ilə yuyub zəhərdən təmizləyəndən sonra yemək də olar. :)

Yaponsayağı virtual məktublaşma :)

Yaponiyada ilk mükəmməl poçt sistemi hələ VII əsrdə qurulub. Bir çox başqa yeniliklər kimi, bu da çinlilərin təsiri idi.

Hər ayın 23-ü yaponlar “Məktub günü”nü qeyd edirlər. Bu gündə yaponlar bir-birlərinə internet əsrinin unutdurduğu kağız məktublar yazırlar.

Yaponiyada məktublaşma ənənəsi Xeyan dövründə (IX-XI əsrlər) yaranmışdır. Sərt saray etiketi qadınları kişilərlə sərbəst ünsiyyətdə olmaq imkanından məhrum edirdi və xanımlar kişi qonaqlarını qəbul edərkən pərdə arxasında gizlənirdilər. Onların ancaq dəbdəbəli ipək paltarlarının küncü-bucağı pərdədən kənara çıxırdı və ancaq incə səsləri eşidilirdi. Riqqətə gələn kişilər xüsusi ətirli kağızlarda şer-məktublar yazır və onu mövsümə uyğun gül və ya budaqla birlikdə öz qulluqçusunun köməyilə ünsiyyətdə olduğu xanıma verirdi. Xanım eyham dolu məktubla cavab verirdi və gizli görüşlərlə “bəzədilən” belə yazışma aylarla davam edə bilərdi....

Mənbə


Quran yaponca

Yapon mənşəli müsəlman İbrahim Savada Qurani Kərimi yapon dilinə tərcümə etmişdir. Onun söylədiyinə görə, hal-hazırda Quranın yapon dilinə tərcüməsinin 7 müxtəlif variantı mövcuddur. Ancaq həmin tərcümələr köhnə stildə edildiyindən gənc nəsil tərəfindən çətin başa düşülür, cənab Savada isə müqəddəs ktabı daha sadə dillə tərcümə etməyə çalışmışdır.

Hal hazırda, Yaponiyada təxminən 10 min müsəlman yaşayır və onlar əsasən ərəb, iran və əfqan kökənli yaponiyalılardır.

Dağıtmayaq, dəyişək

Rünoske Akutaqavanın mənim üçün kritik əhəmiyyətli bir hekayəsi  var. Bu hekayədə yazıçı  yapon cəmiyyətinin gəlmə ünsür və elementlərə dayanıqlığının sirlərini açır.

Hekayənin qəhrəmanı bir katolik missioneridir. Xristianlıq Yaponiyada çox yavaş yayılır və bu onu narahat edir. Günlərin bir günü o bir qədim yapon ilahı ilə qarşılaşır və bu qədim ilah ona xristianlığın niyə belə yavaş və çətin yayılmasının sirrini açır.

Ruh ona deyir ki, dzusu (İsa Məsih) Yaponiyaya uzaqlardan gəlmiş yeganə yad ünsür deyil. Çindən Konfutsinin və Tsuan Tszının ideyaları gəldi, heroqliflər gəldi. Ancaq Çin yaponları öz mədəniyyətinin təsiri altına salıb tabe edə bildimi? Xeyr. Yaponlar çin heroqliflərini öz dillərinin xüsusiyyətlərinə uyğunlaşdırdılar. Məsələn, yapon dilində “qayıq” “fune” kimi səslənir və yaponlar çin heroqlifindən istifadə edəndə o heroqlifin çin dilindəki səslənməsini qırağa tullayıb ona “fune” deməyə başladılar. Yəni yapon “fune”si “fune” olaraq qalmağa başladı, sadəcə işarə dəyişdi, çinlilər ancaq formanı verdi, məzmunu əvəz edə bilmədilər.

Çin filosofları Yaponiyada hörmətlə qarşılandılar, lakin onların ideyaları qədim yapon ilahlarına olan inamı üstələyə bilmədi.

Daha sonra, Yaponiyaya buddizm gəldi. Lakin buddizm nəinki hökmran dinə çevrilə bilmədi, əksinə yerli şəraitə uyğunlaşıb qədim ilahlara baş əyməli oldu. Yaponlar buddist ilahları öz qədim ilahları ilə eyniləşdirdilər. Budda Dayniti Neray hakimiyyəti qazana bilmədi, çünki yaponlar inanırdılar ki, Dayniti Neray elə qədim Ohirumemutidir.

Sonda qədim ilahın ruhu deyir:

“Bizim gücümüz  dağıtmaqda deyil, bizim gücümüz dəyişməkdədir”.

Mən çox istərdim ki, bizim cəmiyyətimizin Avropa dəyərlərinə münasibəti də belə olsun. “Dağıtmayaq, dəyişək”. Əgər Avropa dəyəri bizə heç uyğun deyilsə, onu dəyişək, əgər bizim köhnə dəyər çox mürtəcedirsə, onu dəyişək. Qoy Avropa dəyərləri bizim “aborigenimizə” çevrilib qalsın, qoy islam və şərq dəyərləri ilə harmoniyada olsun.

Kolumb və Yaponiya

1492-ci ilin oktyabrında Kolumb öz gündəliyində yazmışdı: "Pinta karavellasının kapitanı düşünür ki, biz Yaponiyanı buraxmışıq". Kişi doğrudan elə bilirmiş ki Asiyaya üzür.

Minimalizm

Yaponiyanın dövlətçilik tarixini 6-cı əsrdən hesablayırlar. Ola bilsin ki, əlifbanın, yazının formalaşması və kurqanların tikintisinə başlanıldığına görə bu tarix əsas götürülür. "Nəhəng" (analoqu olmayan :))))) işlər görülür. Lakin X əsrdən etibarən minimalizm əsas fəlsəfəyə çevrilir. Minimalizmə keçidin bir əlaməti kimi, X əsrdən başlayaraq tarixi xronikaların yazılmasının dayandırılmasını göstərirlər. Hökmdarlar artıq xronikalar deyil, poeziya antologiyalarının yazılması barədə göstərişlər verirlər.

Mənbə